Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları 6–10 iyul 2026-cı il tarixlərində Polşanın Rzeşov şəhərində, Rzeszow Universitetində keçirilən “15th ASECU Youth International Conference 2026 (“NextGen SUSTAINABILITY”)” beynəlxalq elmi konfransında iştirak ediblər.
Tədbir ASECU – Cənubi və Şərqi Avropa, eləcə də Qara dəniz regionu İqtisadiyyat Universitetləri Assosiasiyası ilə Rzeszow Universitetinin İqtisadiyyat və Maliyyə fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib. Konfrans proqramı Albaniya, Azərbaycan, Bolqarıstan, Çin, Yunanıstan, İtaliya, Polşa, Türkiyə, Ukrayna və digər ölkələr də daxil olmaqla ümumilikdə 17 ölkədən tələbələri, gənc tədqiqatçıları və alimləri bir araya gətirərək elmi əməkdaşlıq, akademik mübadilə və mədəniyyətlərarası dialoq üçün geniş imkanlar yaradıb.
Konfransda İqtisadiyyat İnstitutunu “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Fuad Qənbərov və İnstitutun doktorantı Raisa Vəliyeva təmsil ediblər.
Tədbirin ilk günündə professor Fuad Qənbərov “Sübutlara əsaslanan dayanıqlılıq: statistika, məlumatların keyfiyyəti və Dayanıqlı İnkişaf Məqsədləri üçün süni intellekt” mövzusunda keçirilən panel sessiyada iştirak edib. O, çıxışında iqtisadi tədqiqat institutlarının, xüsusilə iqtisadi transformasiya prosesindən keçən ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının monitorinqi üçün etibarlı məlumat sistemlərinin formalaşdırılmasındakı rolundan bəhs edib.
F.Qənbərov eyni zamanda süni intellekt və məlumatlara əsaslanan iqtisadi təhlilin innovasiya, enerji keçidi, məhsuldarlığın artırılması və inklüziv iqtisadi inkişaf kimi prioritet istiqamətlərə verdiyi töhfələri diqqətə çatdırıb. O, müasir rəqəmsal texnologiyaların iqtisadi siyasətin hazırlanmasında və qərarların qəbulunda əhəmiyyətinin getdikcə artdığını vurğulayıb.
Konfransın ikinci günündə İnstitutun doktorantı Raisa Vəliyeva “Süni intellektin beynəlxalq ticarət dəhlizlərinə təsiri: Orta Dəhliz nümunəsi” mövzusunda məruzə ilə çıxış edib. Təqdimatda süni intellekt texnologiyalarının beynəlxalq ticarət və logistika sistemlərinə təsiri, Orta Dəhlizin səmərəliliyinin, dayanıqlılığının və rəqabət qabiliyyətinin artırılmasında rəqəmsal həllərin rolu geniş təhlil olunub.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, müxtəlif ölkələrdən olan professor və tədqiqatçılarla mövzu ətrafında geniş elmi müzakirələr aparılıb. Raisa Vəliyeva həmçinin yay məktəbi çərçivəsində təşkil olunan qrup fəaliyyətlərində və şəbəkələşmə (networking) sessiyalarında fəal iştirak edərək müxtəlif ölkələrdən olan gənc tədqiqatçılarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirib.
Konfrans çərçivəsində ASECU təşkilatının rəhbərliyi ilə keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Assosiasiyaya üzvlüyü məsələsi də müzakirə olunub. Görüş zamanı təşkilatla gələcək əməkdaşlıq imkanları, birgə elmi layihələrin həyata keçirilməsi, beynəlxalq konfrans və tədqiqat proqramlarında iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda beynəlxalq konfransın işində fəal iştirak edən nümayəndələrə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, İqtisadiyyat İnstitutunun əməkdaşlarının nüfuzlu beynəlxalq elmi tədbirlərdə iştirakı institutun beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, Azərbaycan iqtisad elminin beynəlxalq akademik mühitdə tanıdılması, eləcə də xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər həm də gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına, qabaqcıl elmi yanaşmaların öyrənilməsinə və yeni tədqiqat istiqamətlərinin formalaşdırılmasına mühüm töhfə verir.






