İyulun 7-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalovun sədrliyi ilə təşkil olunan tədbirdə Azərbaycanın bank sektorunda risk əsaslı yanaşmanın səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə mövcud problemlər ətrafında geniş müzakirələr aparılıb.
Toplantıda İnstitutun doktorantı Zöhr Babazadə "Azərbaycanın bank sektorunda risk əsaslı yanaşmanın səmərəliliyinin yüksəldilməsi” mövzusunda çıxış edib.
Təqdimatda Azərbaycanın bank sektorunda risk əsaslı nəzarət mexanizmlərinin inkişaf meyilləri, mövcud problemlər və bu sahədə beynəlxalq standartların tətbiqi məsələləri təhlil olunub. Bildirilib ki, bank sektorunda rəqəmsal transformasiya prosesinin sürətlənməsi, maliyyə texnologiyalarının geniş tətbiqi və yeni risk amillərinin meydana çıxması risklərin idarə edilməsi sisteminin daim təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan risklərin vaxtında müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması bankların maliyyə dayanıqlığının və rəqabət qabiliyyətinin artırılmasının əsas şərtlərindən biridir.
Məruzəçi həmçinin tədqiqat çərçivəsində aparılmış təhlillərin nəticələrini təqdim edərək bank sektorunda risk əsaslı yanaşmanın səmərəliliyinin artırılması istiqamətində bir sıra təklif və tövsiyələr irəli sürüb.
Müzakirələrdə iştirak edən İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov tədqiqat mövzusunun aktuallığını vurğulayaraq müasir dövrdə maliyyə sektorunda risklərin düzgün qiymətləndirilməsinin və idarə edilməsinin bank sisteminin dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, tədqiqatın daha da dərinləşdirilməsi, müqayisəli təhlillərin genişləndirilməsi və əldə olunan elmi nəticələrin praktik fəaliyyətə tətbiqi ilə bağlı öz tövsiyələrini səsləndirib.
Toplantı çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və bank sektorunda risklərin idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.






