İyunun 10-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. İnstitutun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Elnur Zeynalovun sədrliyi ilə keçirilən tədbirdə iqtisadi inkişafın sosial və mədəni amilləri ilə bağlı aktual elmi məsələlər müzakirə olunub.
Toplantıda İnstitutun “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin elmi işçisi Aysel Aşırlı “Mənəvi dəyərlərin iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Gənc tədqiqatçı məruzəsində mənəvi-mədəni dəyərlərin, xüsusilə kollektivçilik–fərdiyyətçilik ölçüsünün iqtisadi inkişaf proseslərinə təsirini nəzəri və empirik yanaşmalar əsasında təhlil edib.
Təqdimatda vurğulanıb ki, mənəvi dəyərlərin iqtisadi inkişafa təsiri birbaşa deyil, əsasən sosial kapitalın formalaşması, institusional mühitin keyfiyyəti, etimad səviyyəsi və innovasiya potensialı kimi dolayı mexanizmlər vasitəsilə özünü göstərir. Bildirilib ki, cəmiyyətdə qarşılıqlı etimadın və əməkdaşlıq mədəniyyətinin yüksək olması iqtisadi fəaliyyətin səmərəliliyini artırmaqla yanaşı, davamlı inkişaf üçün də əlverişli zəmin yaradır.
Məruzədə eyni zamanda mədəni dəyərlərlə iqtisadi nəticələr arasındakı qarşılıqlı əlaqədə institusional mühitin rolu xüsusi diqqət mərkəzində olub. Bu kontekstdə “oxşar dəyər – fərqli nəticə” fenomeni müzakirə edilərək, müxtəlif ölkələrdə eyni və ya yaxın mənəvi dəyərlərin fərqli iqtisadi nəticələr doğurmasının səbəbləri elmi əsaslarla izah edilib.
Tədbir çərçivəsində iştirakçılar mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Gənc alim və mütəxəssislər təqdimatda səsləndirilən müddəalarla bağlı suallarını ünvanlayıb, mənəvi dəyərlərin iqtisadi inkişaf modellərində nəzərə alınmasının əhəmiyyəti barədə öz baxışlarını bölüşüblər. Müzakirələr zamanı gələcək elmi tədqiqatlarda bu istiqamətin daha da genişləndirilməsi, sosial və mədəni amillərin iqtisadi siyasətin formalaşdırılmasında rolunun dərindən araşdırılması ilə bağlı bir sıra təklif və tövsiyələr səsləndirilib.
Qeyd edək ki, İqtisadiyyat İnstitutunda mütəmadi olaraq təşkil olunan Gənc Alimlər və Mütəxəssislər Şurasının toplantıları gənc tədqiqatçıların elmi fəaliyyətinin təşviqi, aktual iqtisadi problemlərin müzakirəsi və yeni elmi yanaşmaların formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır. Bu cür tədbirlər elmi bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də gənc alimlərin tədqiqat potensialının inkişafına töhfə verir.




