İyunun 2-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi daimi Elmi Seminar keçirilmişdir. Elmi katib, i.e.d. Leyli Allahverdiyevanın sədrliyi ilə keçirilən seminarda İnstitutun “İnklüziv sosial inkaşaf” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Jalə Əliyeva “İnklüziv cəmiyyət quruculuğu və əlilliyi olan şəxslərin həyat keyfiyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi çıxışında inklüziv cəmiyyətin – yəni heç kəsi geridə qoymayan, hamını əhatə edən bir cəmiyyətin qurulmasında əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasının, onların digərləri ilə bərabər şəkildə yaşamaq və inkişaf etmək imkanlarından istifadə edə bilmələrinin vacibliyindən danışıb. Məruzədə əlilliyi olan şəxslərin fiziki, emosional və ya zehni çətinlikləri səbəbindən gündəlik həyatda qarşılaşdıqları maneələrdən bəhs edilib, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin mövcud vəziyyəti, məşğulluqları və təhsil imkanları ilə bağlı məsələlərə toxunulub. Habelə tədqiqatçı Azərbaycanda əlilliyi olan şəxslərin həyat keyfiyyətinə dair keçirdiyi sorğunun nəticələrini təqdim edib.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılmışdır (economics.org.az).





