Aprelin 7-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi elmi seminar keçirilmişdir.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən seminarda ETN İqtisadiyyat İnstitutunun Demoqrafiya və məşğulluq problemləri şöbəsinin böyük elmi işçisi, i.f.d. Akifə Ağayarova “Pul köçürmələrinin sosial-iqtisadi təsirləri” mövsusunda məruzə ilə çıxış edib.
Tədqiqatçı miqrantların pul köçürmələrinin ölkədə sosial-iqtisadi vəziyyətə təsirini qiymətləndirmək üçün pul köçürmələri (daxil olmalar) ilə ÜDM, qeyri-neft ÜDM, əhalinin gəlirləri, faktiki son istehlak xərcləri və yoxsulluq səviyyəsi arasında olan əlaqəni araşdırmışdır. Nəticələrə görə, miqrantların göndərdikləri maliyyə vəsaitlərinin 10% artması yoxsulluq səviyyəsini 3,5% azaldır. Qısamüddətli dövrdə pul köçürmələrinin (daxil olmalar) 1% artması yoxsulluq səviyyəsini 0,25% azaldır, qeyri-neft ÜDM-ni 0,13%, əhalinin gəlirlərini 0,27%, faktiki son istehlak xərclərini isə 0,23% artırır.
Məruzəçi qeyd etdi ki, uzunmüddətli dövrdə pul köçürmələrinin (daxil olmalar) 1% artması yoxsulluq səviyyəsini 1,03% azaldır, qeyri-neft ÜDM-ni 0,54%, əhalinin gəlirlərini 0,62%, faktiki son istehlak xərclərini isə 0,47% artırır.
Sonda mövzu ətrafında maraqlı müzakirələr aparılmış və suallar cavablandırılmışdır (economics.org.az).





