Martın 3-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi elmi seminar keçirilmişdir.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən seminarda İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, r.f.d., dosent Rəvanə Əsədova “Dinamik ekonometrik modellər” mövsusunda məruzə ilə çıxış edib.
Məruzəçi deinamik ekonometrik modellər (AR, ARMA, ARIMA, SAR, SARMA, SARIMA, ARDL, DLR, VAR, SVAR, VEC və s.), onların növləri və qurulma şərtləri, uyğun modelin seçimi, onun keyfiyyətinin və stabilliyinin test edilməsi meyarları haqqında ətraflı məlumat verib. Bildirib ki, dinamik ekonometrik modellər iqtisadi proseslərin zamanla necə dəyişdiyini tədqiq etmək məqsədi ilə qurulan statistik modellər olub, keçmiş məlumatlardan istifadə edərək gələcək davranışları proqnozlaşdırır. İqtisadi dəyişikliklərin təsiri, çox zaman, dərhal hiss olunmur və bu təsirlər müəyyən gecikmə ilə özünü göstərir. Dinamik modellər bu gecikmə təsirlərini nəzərə almağa imkan verir. Dinamik modellər, həmçinin, dəyişənlər arasındakı qarşılıqlı təsirləri və səbəb-nəticə əlaqələrini qiymətləndirmək, gələcəkdə baş verə biləcək tendensiyaları təxmin etmək, daha dəqiq uzun və qısamüddətli proqnozlar vermək üçün istifadə olunur.
Məruzəçi birdəyişənli və çoxdəyişənli dinamik modellərin növləri barədə geniş məlumat verib, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının və Dövlət Statistika Komitəsinin hesabatları əsasında qurulmuş model nümunələri təqdim edilmişdir.
Sonda mövzu ətrafında geniş müzakirə aparılmış və suallar cavablandırılmışdır (economics.org.az).





