Yanvarın 30-də ETN İqtisadiyyat İnstitutunun “Xidmət sferasının iqtisadiyyatı”, “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbələrinin və Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzin birgə iclasında Abdullayev Cavid Muxtar oğlunun “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində xidmət sahələrinin inkişaf perspektivləri” mövzusunda 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Xidmət sferasının iqtisadiyyatı şöbəsinin müdiri, dosent Pərviz Həsənovun sədrliyi ilə keçirilən iclasda ETN İqtisadiyyat İnstitutunun doktorantı olan C.Abdullayev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra rəyçilərin rəyi dinlənilib, suallar cavablandırılıb, müzakirələr aparılıb. Sonda dissertasiya işi səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub (economics.org.az).





