Oktyabrın 29-da ETN İqtisadiyyat İnstitutunda Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzi əməkdaşlarının il ərzində İnstitutun elmi tədqiqat planı üzrə yerinə yetirilmiş işlər üzrə hesabatlarının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Elmi Mərkəzin rəhbəri Azər Səfərovun aparılmış tədqiqatlarla bağlı hesabatı dinlənilmiş, əməkdaşların hesabatları ilə bağlı onun qeydləri və təklifləri səsləndirilmişdir. Tədbirdə İnstitutun elmi katibi, i.e.d. Leyli Allahverdiyeva iştirak etmişdir.
A.Səfərov bütövlükdə əməkdaşlar tərəfindən mövzu üzrə nəzərdə tutulan əsas vəzifələrin yerinə yetirildiyini qeyd etmiş, son hesabatın yaxın günlərdə yekunlaşdırılaraq rəhbərliyə təqdim ediləcəyini bildirmişdir. O, eyni zamanda indiyə qədər həftə ərzində elmi əməkdaşlar - Firdovsi Şahbazov, Təbriz Yadigarov, Səbinə Əsədova, Elmir Mehdiyev, Cavanşir Burhanzadə, Ənvər İsmayıllı, Rəhimə Nuraliyeva, Nigar Namiq tərəfindən ayrı-ayrılıqda təqdim olunmuş hesabatların hər birinin qısa xarakteristikasını vermiş, onların təkmilləşdirilməsi istiqamətlərini göstərmiş, irəli sürülmüş təkliflərin əsaslandırılmasını tövsiyə etmişdir. A.Səfərov öz məruzəsində Mərkəzin “Post-konflikt ərazilərin bərpa və quruculuq işlərinə özəl investisiyaların cəlb edilməsinin istiqamətlləri və yolları” mövzusunda plan-tədqiqat işinə yanaşmada məsələnin qoyuluşunu, metodoloji yanaşmanı, əsas prinsipləri və tədqiqatı son nəticəyə aparan istiqamətləri əsaslandırmışdır.
Elmi Mərkəzin əməkdaşlarından dos. Təbriz Yadigarov, dos. Rəhimə Nurəliyeva, Elmir Mehdiyev müzakirələrdə fəal iştirak etmiş, öz qeydlərini və təkliflərini bildirmişlər.
İnstitutun elmi katibi i.e.d., Leyli Allahverdiyeva cari məruzənin tezislərinə və təqdim olunmuş hesabatlara dair müsbət münasibət ifadə etmiş, onların Elmi Şuraya təqdim edilməsini tövsiyə etmişdir. Habelə Elmi Mərkəzdə yerinə yetirilən tədqiqatların post-konflikt ərazilərdə aparılan bərpa quruculuq işlərinin, həyata keçirilən iqtisadi siyasətin təkmilləşdirilməsi üçün faydalı ola biləcəyini qeyd etmişdir.





