Oktyabrın 8-də ETN İqtisadiyyat İnstitutunda baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə elmi seminar keçirilib.
Seminarda İnstitutun İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Jalə Əliyeva “Kənd əhalisinin həyat səviyyəsi: inklüziv inkişafa doğru” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bu adda yazdığı monoqrafiyanın, apardığı tədqiqatın əsas məzmunu ilə bağlı geniş məlumat verib. Həyat səviyyəsi anlayışına elmi-nəzəri baxışlar, həyat səviyyəsini xarakterizə edən göstəricilər sistemi, həyat səviyyəsinin qiymətləndirilməsində istifadə edilən indekslər barədə danışıb.
Tədqiqatçı Azərbaycanda kənd əhalisinin həyat səviyyəsinin qiymətləndirilməsini həyata keçirib. Kənd əhalisinin gəlirləri, istehlak xərcləri, gəlir və istehlak xərclərinin quruluşunda regional fərqlər araşdırılıb. Monoqrafiyada Azərbaycanda kənd əhalisinin həyat səviyyəsinə təsir göstərən sosial-demoqrafik amillərin qiymətləndirilməsi aparılıb. Kənd yerlərində demoqrafik dəyişikliklər, keyfiyyətli təhsilin təmin edilməsi, kənd əhalisinin sağlamlıq vəziyyəti öyrənilmişdir. Habelə Azərbaycanda kənd yerlərində inklüziv inkişaf meyilləri, kənd yerlərində qadınların məşğulluğunun təmin edilməsi, əlilliyi olan şəxslərin həyat səviyyəsinin yüksəldilməsi problemləri tədqiq olunub.
J.Əliyeva kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi perspektivlərini də qeyd edib. Xüsusən də kənd yerlərinin inkişafında müasir trendlər, Azərbaycanda kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsində kənd təsərrüfatının potensialından səmərəli istifadə, turizmin rolunun artırılması imkanları nəzərdən keçirilib.
Sonra məruzə ətrafında maraqlı müzakirələr aparılıb, suallar cavablandırılıb. Xüsusən də regionlarda əhalinin məşğulluq problemləri, əhalinin həyat səviyyəsi və həyat keyfiyyəti göstəriciləri, nigah və boşanmalar, yoxsulluq riski, əhalinin paytaxta axını, regionlarda təhsil və səhiyyənin müasir vəziyyəti kimi aktual məsələlər geniş diskussiyalara səbəb olub (economics.org.az).





